Dyula Mesaroş
Dyula Mesaroş (Macarca: Gyula Mészáros; 28 mart 1883 – 25 may 1957, Nyu-York, Nyu-York ştatı) — Macarıstan türkoloqu, etnoqrafı.
== Həyatı ==
D. Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır.
Məlumdur ki, XVI yüzilliyin ortalarında Avstriya-Macarıstan imperiyasının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A. R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G. Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi.