Mirpaşa Miriyev
Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı – 12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü.
Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb.
İkinci Dünya müharibəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.