Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir.
MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.