Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Seyid Məhəmməd Müfti-şiə Musəvi (23 dekabr 1928, Ərdəbil – 19 may 2010) — İslam alimi, müctəhid.
== Həyatı ==
=== Ailəsi və əsil-nəsəbi ===
Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər.
Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar.
Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır.
=== Təvəllüdü və adı ===
Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır.