Məmmədcəfər Cəfərov
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982).
Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərinin Anbar məhəlləsində dərzi ailəsində anadan olub. 1919-cu ildə hər iki valideynini itirmişdir. 1920-ci ildə o, atasının dostları sayəsində "Qızıl ordu" üçün paltar tikən dərzixanaya şagird qəbul olunur. Buradan alınan maaşla ailəni saxlamaq mümkün olmadığını görəndə nənəsi onu şatır-çörəkçi qohumlarının yanında kündəgirlik işinə düzəldir. İlk təhsilini Naxçıvanda aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub. Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib.
Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub.