is. [
ər. ]
1. Əcdadı bir olan qohumlar silsiləsi; soy.
İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə.
Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir, … lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov.
□ Nəsli kəsilmək –
1) tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında).
Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski;
2) tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib.
Nəslini kəsmək – bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək.
[Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani”.
2. Eyni vaxtda (dövrdə) yaşayan və birbirinə yaxın adamlar.
Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq.
// Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları.
Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn.
3. xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup.