Qaraheybət aviasiya poliqonunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.
Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir.
"Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.