Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü.
Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi.
Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır.
Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.