Rasim Tağıyev (yazıçı)
Rasim Hümmət oğlu Tağıyev - ədəbiyyatşünas, tənqidçi, mətnşünas, biblioqraf, 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1967).
== Həyatı ==
1938-ci il iyunun 25-də Azərbaycanın Ağcabədi rayonunun Xəlfərəddin kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962).
=== Təhsili ===
Xəlfərəddin kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962). Azərtədrisnəşrdə, Azərnəşrdə korrektor olmuşdur (1962-1964), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. “Azərbaycan sovet ədəbiyyatının inkişafında “İnqilab və mədəniyyət” jurnalının rolu (1932-1934-cü illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İnstitutda kiçik elmi işçi (1967-1973), baş elmi işçi vəzifələrində işləmişdir (1973-1987).
== Fəaliyyəti ==
1956-cı ildən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmiş, mətnşünaslıq və biblioqrafiya sahəsində ciddi fəaliyyət göstərmişdir: Məmməd Aranlının “Cəbhə gündəliyi” (B., Gənclik, 1975), Əli Nazimin “Seçilmiş əsərləri” (B., Yazıçı, 1979), Nikolay Tixonovun “ Azərbaycan dəftəri” (B., Yazıçı, 1979), Hənəfi Zeynallının “Seçilmiş əsərləri” (B., Yazıçı, 1983) kitablarını tərtib edib ön söz yazmışdır. “Azərbaycan” jurnalı biblioqrafiyası (1923-1972-ci illər)” (B., Elm, 1973), “M. S. Ordubadi (1872-1972)” (B., Elm, 1975) biblioqrafiyası onun zəhmətinin bəhrəsidir.