İsak Başeviz Singer
İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[…], Leonçin[d], Mazovets voyevodluğu – 24 iyul 1991[…]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978).
Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı.
Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi.