Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması.
Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı.
== Mart soyqırımının milli mətbuata təsiri ==
Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.