Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.