Sikstin kapellasının tavanı
Sikstin kapellasının tavanı 1508–1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir.
1477–1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur.
Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng "Böyük məhkəmə" freskosu, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir.
Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin "Mona Liza" əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən "Adəmin yaradılışı" təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır.
Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur.
== Tarix ==
Roma papası II Yuli "döyüşçü papa" idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.