Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az.-əski. ایستیقلال بیاننامهسی) və ya İstiqlal Əqdnaməsi (az.-əski. ایستیقلال عقدنامهسی) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.
Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir.
== Tarixi ==
1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.