Varazqun məbədi
Varazqun məbədi — Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi. Məbəd II–V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib.Məbədin günbəzi və cənub divarı dağılmışdır.
Bu tikili "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan Alban tarixçisi, Moisey Kalankatlının əsərində adı qeyd edilən Varazqun məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlamışdır.
Tikili Bozlu kəndinin (Laçın rayonu) ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutmuşdur. Qəzalı bir vəziyyətdə, II–V əsrlərə aid olan tarixi abidə – Varazqun məbədi günbəzli, ikiapsidalı (apsida (apsis) – əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir.
Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilmişdir. Ehtimal ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur.