Bakı Dəniz Vağzalı
Bakı Dəniz Vağzalı — 1902-ci ildə təsis edilmiş və uzun müddət dəniz ticarət limanı kimi fəaliyyət göstərmiş, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsindən sonra 2-ci plana keçmiş vağzal.
== Tarixi ==
Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib.
On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi.
19-cu əsrin ortalarında müasir Bakı Limanının tikintisinə başlanıldı və 1902-ci il 21 iyul tarixində limana rəsmi olaraq özünüidarəetmə hüququ verildi. Pambıq, meyvə və qənd kimi quru yükün müxtəlif növləri Bakı Limanının, eləcə də, Krasnovodsk (bugünkü Türkmənbaşı), Petrovsk (bugünkü Mahaçqala) və İran limanları kimi Xəzər dənizinin digər limanlarının əsas ticarət malları sırasına daxil idi.