Vintsas Kreve
Vintsas Kreve (litvaca — Vincas Krėvė-Mickevičius), (19 oktyabr 1882[…] – 17 iyul 1954 və ya 7 iyul 1954), Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı — Mitskəviçyusdur.
V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922–1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941).
V. Kreve Litva — Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur.
O, 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr veribdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olublar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881–1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun "…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".