Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur[5]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[6]. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir[7]. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var.
1727-ci ilə aid mənbədə Qutyol kimidir[8] Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir. Toponim Azərbaycan dilində "çuxur, çökək, dərin yer" mənasında işlənən quytul sözü[9] əsasında əmələ gəlmişdir. Qoytul quytul sözünün fonetik variantıdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 203 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 351
nəfər, 1908-ci ildə 210 nəfər, 1914-cü ildə 213 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı
yaşamışdır[10]. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir[11]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır[12]. 1924–25-ci illərdə onlar yenidən qovulmuşdur. İndi ermənilər yaşayır.