XATUN

Bu söz monqol dilində “ilk (böyük) arvad” anlamında işlədilir. Taciklər həmin mənada banu, özbəklər baybice (ehtimal ki, baybikə, yəni böyük arvad) işlədirlər. Qadınxatun qohum sözlərdir, qədim mənası “kəbinli arvad” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XAŞXAŞ
XAVƏR
OBASTAN VİKİ
Ayşə Xatun
Ayşə Xatun (1476, Bağçasaray – 1539, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı. Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.
Bağdad xatun
Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz (Marağa, Şərqi Azərbaycan ostanı – 16 noyabr 1335, Elxanilər dövləti) — Elxanlılar dönəmində tanınmış qadın. Bağdad xatun Əmir Çoban noyon qızı Sulduz Marağa şəhərində doğulmuşdu. Atası Əmir Çoban 1323-cü ildə onu Şeyx Həsən noyon Cəlayıra vermişdi. Elxanlı hakimi Sultan Əbu Səid 20 yaşında onu görüb vuruldu. Güclə ərindən boşatdıraraq onu aldı. Çingiz yasasına görə xanın bəyəndiyi qadın evli belə olsa ərinin onu həmən boşaması gərəkirdi. Bu durum Bağdat xatunun atası Əmir Çoban tərəfindən öyrənilincə Əbu Səid xanla ara¬ları açıldı. Siyasi rəqibləri əmir və xan arasındaki qırgınlığı daha da artırdılar. Buna görə Əmir Çoban və oğulları Əbu Səid xan tərəfindən birər-birər ortadan qaldırıldı. Mətanətini heç bir şəkildə itirməyən Bağdat xatun sonunda Əmir Şeyx Həsəndən boşanıb Əbu Səid xanla evləndi və elxanlı sarayında baş qadınlığa yüksələrək Xüdavəndigar ləqəbini aldı.
Buluğan Xatun
Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı. O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar. Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü.
Burla Xatun
Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında də iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır. Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir. (Bur) kökündən törəmişdir.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1469-ci ildə Səlcuq Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Dilşad xatun
Dilşad xatun (XIII əsr – 1352, Cəlairilər sülaləsi) — Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı. Dilşad xatun 1352-ci ildə vəfat etdi. Nəcəfül-Əşrəfdə dəfn edildi. Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?-1265) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi. Doqquz Xatun Nestorian xristian idi. Qərbli tarixçilər tərəfindən sıxlıqla xristian inancına böyük yararı toxunmuş bir kimsə olaraq anılır. Həyat yoldaşı Hülaku xanla eyni il 1265-ci ildə ölmüşdür. Runciman, Steven (çev.
Dövlət Xatun
Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan. 1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır. 1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir. 1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı.
Dövlətşah Xatun
Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı. 1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir. 1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı. Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır.
Fatma Xatun
Fatma Xatun (1284, Söğüt, Biləcik ili – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Gülfəm Xatun
Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul) - Osmanlı padşahı I. Süleymanın hərəmi. Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir. Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir. Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər. İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.
Gülruh Xatun
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. 1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi. Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Gülçiçək Xatun
Gülçiçək Xatun (osman. كلچیچك خاتون, yun. Γκιουλτσιτσέκ Χατούν) (1355, Vifiniya – 1389, Bursa) — I Muradın xanımı, I Bəyazidin anasıdır. Əslən yunan olan Gülçiçək Xatunun türbəsi Bursada yerləşir. Osmanlı padşah anaları arasında öz adına türbəsi olan ilk qadındır. Gülçiçək Xatunun məzarından başqa türbədə adı bilinməyən 3 məzar daha var. Türbə sonuncu dəfə 1958 tarixində bərpa edilmişdir. I Bəyazidin və Yaxşı bəyin anasıdır.
Gülşah Xatun
Gülşah Xatun (d. 1433, Mərsin – ö. 1487, Bursa) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi, Şahzadə Mustafanın anasıdır. Sultan Muradın vəfatından sonra oğlu II Mehmed taxta çıxmış, ancaq bunu zəiflik qəbul edən Qaramanoğlu İbrahim bəy Həmid elini işğal etdi. Bunun ardından böyük bir orduyla səfərə çıxan II Mehmed qısa zamanda Qaramanoğlu ordusunu məğlub etdi. İbrahim bəy dağa qaçdı və ordan II Mehmedə bağışlanması üçün məktublar yazmağa başladı. Nəhayət, II Mehmed İbrahim bəyin qızlarından biri olan Gülşah Xatunu sülh qarşılığında istədi və Gülşah Xatunla birlikdə Ədirnəyə geri döndü. 1451-ci ildə yeganə övladı olan Şahzadə Mustafanı dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Konya sancaqbəyliyinə göndərildi.
Hafsa Xatun
Hafsa Xatun (1380, Səlcuq (İzmir), İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı. Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi. Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır. İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir.
Hayimə Xatun
Hayimə Xatun və ya Hayimə Ana (1176, Osmanlı imperiyası – 1268, Osmanlı imperiyası) ― Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsi və Sunqur Təkin, Gündoğdu bəy, Ərtoğrul Qazi və Dündar bəyin anasıdır. Osmanlı İmperiyasının Dövlət Anası adına layiq görülmüş və tanınmışdır. Necdet Sakaoğlunun dediyinə görə, tarixçilər tərəfindən çox tədqiq edilməmiş Hayimə ananın xatirəsini Domaniç qəsəbəsinin sakinləri yaşatmışdırlar. Çarşamba kəndindəki bir qəbrin yerli xalq tərəfindən əsrlər boyu Hayimə Xatunun qəbri olaraq ziyarət edildiyini eşidən Osmanlı Sultanı II Əbdülhəmidin əmri ilə burada 1892-ci ildə bir türbə tikdirilmişdir. Digər tərəfdən, İdris-i Bitlisî Heşt Behişt adlı tarixində Osman Qazinin kiçik oğlu Ələddin Paşanın anası ilə birlikdə Biləcikdə yaşadığı yazılmışdır. Osmanlı sultanlarının qeyri-müsəlman cariyələrlə evlənmə ənənəsi hələ başlamadığından, Hayimə Xatunun türk olduğu iddia edilir. Başqa bir inanca görə, Hayimə Ana, Kaya Alpoğlu Süleyman şahın həyat yoldaşı, Ərtoğrul Qazinin anası və Osmanlı dövlətinin qurucusu Osman Qazinin nənəsidir. Əri Süleyman Şah Fəratı keçərkən boğulduqdan sonra Qayı qəbiləsinin başçılığını ələ keçirmiş Hayimə Ana, əvvəlcə Səlcuqlu Sultanı Əlaəddin Keykubadın əmri əsasında əvvəlcə Ankara, Karacadağ, sonra isə Domaniç və Söğütə yerləşmişdir. Ərtoğrul Qazi, "Dövlət Anası" olaraq da tanınan anası Hayimə Anayı hər il Çarşamba kəndində çadır qurduğu bir təpədə dəfn etdirmişdir. Sultan II Əbdülhəmid 1892-ci ildə Hayimə Ananın məzarı üzərində inşa edilən indiki türbəni inşa etdirmişdir.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, Söğüt, Biləcik ili) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Hüsnüşah Xatun
Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Malhun Xatun
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir. Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.
Mama xatun
Mama xatun — Saltuklu bəyliyinin hökmdarı. Malazgirt zəfərindən sonra Anadoluda qurulan Türk bəyliklərindən biri olan Saltuklulardan II İzzəddin Saltukun qızıdır. Uzun müddət idarəni əlində tutan böyük qardaşı Nasırəddin Məhəmmədin ardından 1191-ci ildə Saltuklu bəyliyinin başına keçdi. Böyük qardaşı və yetişkin qardaşı oğlanları varkən Mama xatunun bir qadın olarak başa keçməsi, əski Türk həyatında qadının toplumdakı yerini müsəlman olduqdan sonra da qoruduğunu göstərməktədir. Mama xatun Ərəb dilli qaynaqlarında “Ərzurum sahibəsi” olaraq göstərilməkdədir. Səlahaddin Əyyubi Suriyadan şimala doğru yayılma siyasəti izləyirdi. Türkmən bəylərini itaət altına almaya çalışırdı. Bu məqsədlə qardaşı oğlu Məyyafarikin hakimi Tağıyyəddin Ömərə yeni vəzifə verdi. Tağıyyəddin, Əxlatşahlara aid torpaqlardaki Xanini 1191-ci ildə işgal etdi və Əxlatşah Seyfəddin Bəgtəmiri yenilgiyə uğratdı. Bundan cəsarət alaraq Əxlat üzərinə yürüyüb şəhəri mühasirə etdiysə də, bacarıqlı ola bilmədi.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.
Dəspinə xatun (dəqiqləşdirmə)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. Abaqa xanla evliliyindən. Dəspinə xatun və ya (Maria) Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir. Dəspinə xatun və ya Teodora Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.
El Qutluq Xatun
El Qutluq Xatun — Elxanilərin ikinci hökmdarı Abaqa xanın qızı. Çingiz xanın birbaşa soyundan gəlməkdə idi. Elxani imperiyasının ikinci hökmdarı Abaqa xanla Bulucin Egeçinin ailəsində dünyaya gəlmişdir. Müasir dövrdən əvvəl nə qədər qadının Həcc ziyarətinə getməsi barədə məlumat yoxdur. Əl-Səfədinin məlumatına görə, El Qutluq Xatun bu ziyarətə getmiş qadınlardan biri olmuşdur. O, bu ziyarəti at belində (dəvəyə bərkidilmiş palankendə deyil), həm də öz ox-yayı ilə birlikdə həyata keçirmişdir. Onun ziyarətinin həyata keçməsi ilə eyni dönəmdə yaşamış yüksək Məmlük bürokratlarının arvadlarının ziyarətləri arasında fərqlər olmuşdur. El Qutluq Xatun 1323-cü ildə Həcc ziyarətində olmuşdur. Onun bu ziyarətindən bəhs edilən və Xəlil ibn Aybəy əs-Səfədi (təxminən 1297-1363) tərəfindən yazılan biblioqrafik lüğətin təqdim etdiyi hekayə Elxani və ya Hülakü imperiyasında İslamı geniş şəkildə qəbul edərkən cinsiyyət normalarının dəyişməsinə işıq salır. O, Huşin tayfasından olan Ğurbatay Güregen ilə evlənmişdir.
Gülbahar Xatun məscidi
Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir. Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır. Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır.
Gülbahar Xatun türbəsi
Gülbahar Xatun türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. Fateh Sultan Mehmed türbəsi ilə qarşı-qarşıya yerləşən bu türbə mərhum sultanın xanımı və Sultan II Bəyazidin anası Əminə Gülbahar Xatunun məzarı üzərində inşa edilmişdir. Eyniylə ərinin türbəsi kimi 1765-ci ildə baş verən zəlzələdə zədələndi və tamamilə dağıldı. Növbəti il isə Sultan III Mustafa tərəfindən yenidən inşa edildi. Türbə orijinalında olduğu kimi səkkizbucaqlı şəklində olub, tək günbəzlidir. Kəsmə daşdan inşa edilən türbə olduqca sadə görünüşə malikdir. Qapısı üzərindəki kitabəsinə görə, türbə 1782-ci ildə baş verən yanğının ardından ikinci dəfə bərpa edilmişdir. Türbənin həyət qapısı üzərindəki bəzəkli ikinci kitabə isə 1894-cü ilə aid olub, xəttat Tofiq Əfəndiyə aiddir. Türbə 1997-ci ildə restavrasiya edilmişdir. Türbədə Əminə Gülbahar Xatundan başqa, qızı Gövhər Sultan və kimliyi bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.

Значение слова в других словарях