Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum.
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi.
Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.