XİFFƏT

is. [ ər. ] Fikir, dərd, qəm, qüssə; fikir çəkmə.
Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin. S.Ə.Şirvani.
Bəsdir mənə verdiyin bu xiffət. Natəvan.
[İbrahim:] Gövhərtac … xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev.

□ Xiffət çəkmək1) fikir çəkmək, kədərlənmək, qüssələnmək, qəm-qüssə etmək.
Dolanım başına, mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət çəkirəm. Q.Zakir.
[İnsan] hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecəgündüz xiffət çəkir. İ.Şıxlı;

2) başqasının fikrini, qayğısını çəkmək.
Əzəlindən oldum eşqə dəlalət; Sirr verdim namərdə, etdi ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət; Əriyib bu Cümə çağaya döndü. Molla Cümə.
Əzizim, meşə mənsiz; Dağ mənsiz, meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar dərdə düşə mənsiz. (Bayatı).

□ Xiffət eləmək (etmək) – bax xiffət çəkmək 1-ci mənada.
[Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohuməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev.
Qardaşbacı … dağlar qədər dərdi olan analarını xiffət etməyə qoymurlar. S.S.Axundov.
Gənc ömrümün bağında yazım sənsən, gülüm sən; Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən. N.Xəzri.

Xiffət gətirmək – kədər-qüssə gətirmək, kədərləndirmək, kədərə-qüssəyə səbəb olmaq.
Evlərin təhər-tövründə qəlbə xiffət gətirən bir köhnəlik vardı. Ə.Əbülhəsən.

Xiffət vermək – fikir çəkməsinə, dərdlənməsinə, kədərlənməsinə səbəb olmaq, dərdə salmaq, xiffətləndirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XİFFƏT dərd — kədər — qüssə

Antonimlər (əks mənalı sözlər)

  • XİFFƏT XİFFƏT – FƏRƏH Xiffəti qeyrətli edər (Ata. sözü); Qızı fərəh qarışıq təəccüb bürüdü (S.Qədirzadə)
XİDMƏTSEVƏN
XİFFƏTLƏNDİRMƏ
OBASTAN VİKİ
Xiffət (1929)
Xiffət (film, 1929)

Digər lüğətlərdə