XƏTƏR

is. [ ər. ]
1. Təhlükə, qorxu.
[Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov.

2. Ziyan, zərər.
[Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş; Xətər görməyəsən heç zaman, qardaş!… S.Rüstəm.

□ Xətər dəymək (gəlmək, toxunmaq)1) ziyan dəymək, zərər dəymək. Güclü, doludan taxıla xeyli xətər toxundu.
– Səlim bildi ki, belə ovçulardan bu quşlara bir xətər gəlməz. M.Rzaquluzadə.
Nə qarajın qapısından asılan qıfıl sındırılıb, nə də maşının açar yerinə bir xətər dəyib. H.Seyidbəyli;

2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə, faciəyə uğramaq, ziyan dəymək.
Mən misal üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq olaq ki, uşaqlara bir xətər toxunmasın. S.Rəhimov.
[Şeyx Amiri qullara:] Dərhal oğlumun izinə düşüb səhraya gedin! Dalınca gəzin, keşiyin çəkin, ona bir xətər dəyməsin. Ə.Məmmədxanlı.

Xətər vurmaq – qəsd etmək, ziyan vurmaq; öldürmək.
[Qarı Nurəli xana:] İndi sənə bir yağı göz dikibdir, … xətər vurmaq istəyir. Çəmənzəminli.

Xətər yetirən – toxunan, təhqir edən.
Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Çəmənzəminli.

Xətər yetirmək – zərər yetirmək, fəlakətə uğratmaq, canına qəsd etmək; vurmaq, yaralamaq.
[Eyvaz dəlilərə:] Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏTƏR təhlükə — qorxu — hədə — xata
  • XƏTƏR zərər — ziyan
  • XƏTƏR xətər bax 1. ziyan; 2. təhlükə
XƏTÇƏKƏN
XƏTƏRLƏNMƏ

Digər lüğətlərdə