Yay dombalanı
Yay dombalanı (Elmi adı - Tuber aestivum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.
== Qısa morfoloji təsviri ==
Meyvə cismi torpaq altında əmələ gələn, kök yumrusuna bənzər, ellipsoidal-dairəvi, 2,5-8 sm diametrindədir. Xarici səthi qara və ya qara-qəhvəyi rəngli, iri piramidavari ziyillidir. Göbələyin ləti zəif və şirin iyə malikdir. Yetişməmiş göbələk yarıya kəsilmiş halda ağımtıl, yetişdikdən sonra sarımtıl –qəhvəyi, ağımtıl-cizgili, mərmərə bənzər naxışlıdır.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, Fagus, Quercus, Carpinus və Corylus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Enliyarpaqlı meşələrdə yaz və payız aylarında rast gəlinir. Müxtəlif mexaniki tərkibli torpaqlarda əmələ gəlir.