Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir.
Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib.
Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir.
Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.
Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.