f. 1. Suyun üzündə və ya altında hərəkət etmək.
Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. M.S.Ordubadi.
Sarışın bir rus gənci yeddi-səkkiz yaşlı oğluna üzmək öyrədirdi. M.Hüseyn.
// Suda batmadan hərəkət etməyi bacarmaq. Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür.
// Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında).
Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. S.Vurğun.
Adamlar yerə atıldılar və sal yenə də xırıltılı mahnısını söyləyə-söyləyə sağ sahilə üzməyə başladı. Ə.Sadıq.
// Gəmidə, qayıqda və s.-də getmək. Teploxodda Volqaboyu ilə üzmək.
// Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). Xəzəl suyun üzəri ilə üzür.
2. məc. Havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi.
– …Havada üzən yüngül şeylərin və havanın özünün də ağırlığı vardır. H.Zərdabi.
// məc. Ay, Günəş haqqında.
…Üstdəki Ay da göy dənizdə olan kimi axıb üzürdü. S.Rəhimov.
Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn.
// məc. Hərəkət edər kimi nəzərə gəlmək.
Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. M.Hüseyn.
Qəhrəmanlar kəndi işıq içində üzdüyü vaxt Gülyanaq yuxudan qalxıb, yataq otağının kəllə pəncərəsini açdı. Ə.Vəliyev.
// Obrazlı təşbehlərdə.
Xəyalımız üzəydi sevda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq.
Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. B.Vahabzadə.