Ramiz Əbdülrəhimov
Ramiz Həmid oğlu Əbdülrəhimov (29 iyun 1940, Bakı) — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür.
Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb.
Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır
Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir.