1. is. Bir şeyin işıq şüalarının sınması nəticəsində hamar, parlaq səth, güzgü, su və s. üzərində görünən şəkli, surəti. Aynada öz əksini görmək. Suda öz əksini görmək. Dəniz üzərində ulduzların əksi görünürdü. Mağazanın qabağından keçənlər aynalı vitrinlərdə öz əkslərini görürdülər.
□ Əks etmək – hamar və parlaq səth üzərində inikas etmək.
// məc. İnikas, güzgü.
2. is. Səsin bir yerə dəyib geri dönməsi. Elə dərələr vardır ki, bir səs çıxaranda dörd əks alırsan.
□ Əks etmək – 1) qaytarmaq.
2) yayılmaq.
3. is. Şəkil, fotoşəkil.
□ Əksini almaq dan. – fotoşəklini çəkmək.
4. sif. Tərs, inad, höcət. Çox əks adamdır, dediyindən əl çəkmir.
5. sif. Zidd, tərs. Bunun tam əksi. Yalan doğrunun əksidir. Əks fikir. Əks nəticə. Əks mənada başa düşmək. Əks istiqamət.
◊ Əks etdirmək – əyani surətdə göstərmək, ifadə etmək. Dövrümüzü əks etdirən əsərlər, filmlər. Vəziyyəti olduğu kimi əks etdirmək. Əsər həqiqi mənzərəni yaxşı əks etdirir.
Əks olunmaq – əyani surətdə göstərilmək, ifadə edilmək.
Əks təqdirdə (surətdə) – nəzərdə tutulduğu, deyildiyi, göstərildiyi kimi edilmədikdə, onun əksinə, ziddinə olsa, əgər belə olmasa, ayrı cür olsa, əksinə hərəkət edilsə, yoxsa. Bir az gözləyin, əks təqdirdə mən sizinlə gedə bilməyəcəyəm.
(Öz) əksini tapmaq – bax əks olunmaq.