Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Böyük Monqol imperiyası) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir.
== Həyatı ==
Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı.