Bakinski raboçi (qəzet)
"Bakinski raboçi" (rus. Бакинский рабочий) — RSDFP Bakı Komitəsinin orqanı, bolşevik qəzeti. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır.
== Yarandığı tarix ==
"Bakinski raboçi" 1906-cı ilin may ayından bəri çap olunan ictimai-siyasi qəzetdir. Qəzet fasilələrlə 1906, 1908, 1917-1918-ci illərdə rus dilində nəşr olunmuşdur. Redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak etmişlər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış etmişlər.
== Fəaliyyətinin əsas məqsədi ==
1908-ci ilin sentyabrından neft sənayesi fəhlələrinin ictimai-peşə qəzeti kimi nəşr olunmağa başlasa da, əslində, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı idi.