Moskva Aviasiya Texnologiya İnstitutu
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır.
Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir.
Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.