Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan.
== Həyatı ==
=== İlk illəri ===
Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.