Kamil Balakişiyev
Kamil Balakişiyev (20 sentyabr 1906, Bakı – 22 noyabr 1973, Bakı) — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, Azərbaycanda elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur.
O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir.
Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.
1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K. Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.