Brilliant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008).
== Həyatı ==
Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub.
Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.
1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.
1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır.
1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.