Bəhreynin dövlət quruluşu
Bəhreynin dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
== Dövlət quruluşu ==
Bəhreyn mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü 14 avqustda (1971) qeyd olunur. Bəhreyn Krallığının yeni, sayca ikinci Konstitusiyası 14 fevral 2002-ci il tarixində qəbul edilmişdir.
== İnzibati bölgüsü ==
Bəhreyn 5 muhafazdan (Paytaxt, Mərkəzi, Mühərrək, Şimal və Cənub) ibarətdir.
== Dövlət başçısı ==
Konstitusiyaya görə, Bəhreyn dövlətinin başçısı və nominal təmsilçisi sayılan, şəxsiyyəti toxunulmaz olan Kral - ölkənin dini rəhbəri, vətənin və milli birliyin legitim himayəçisidir, mühafizəçisidir. Kral hakimiyyətin idarə olunmasına nəzarəti həyata keçirir, Konstitusiyanın və qanunların aliliyinə zəmanət verir, əsas insan hüquq və azadlıqlarını müdafiə edir. Dövlət başçısı öz səlahiyyətlərini, Hökumətin siyasəti üçün onun və rəhbərlik etdiyi nazirlik qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə həyata keçirir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali Məhkəmə Şurasının rəhbəri olan dövlət başçısı, Kral fərmanlarına uyğun olaraq Baş naziri və Məşvərətçi Şuranın üzvlərini (Ali Məhkəmə Şurasının təqdimatı əsasında), Baş nazirin təqdimatına əsasən isə Kral dekretinə müvafiq olaraq nazirləri təyin və ya azad etmək və bir sıra digər mühüm səlahiyyətlərə malikdir. (hakimiyyət varislik əsasında ötürülür).