1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. Pencəyin yan cibləri.
2. Portfeldə, çamadanda və s.-də ayrıca bölmə, göz.
3. Cibə qoyulan, cibdə gəzdirilən. Cib bıçağı. Cib saatı. Cib dəftəri.
◊ Cibə zərər vurmaq – çoxlu pul xərcləməyə, maddi zərər çəkməyə məcbur olmaq (ya etmək).
Cibində siçan (yel) oynayır – cibində pulu olmayan adam haqqında.
Cibinə (cibimə) görə deyil – birinin imkanına görə çox baha şey haqqında.
Cibinə əl atmaq – səxavətə gəlmək.
Cibinə qoymaq – mənimsəmək, cibləmək, özü üçün götürmək.
Cibini boşaltmaq – bütün pullarını xərclətmək, ya xərcləməli olmaq.
Cibini doldurmaq – 1) qeyri-qanuni yolla varlanmaq;
2) başqasını varlandırmaq, dövlətləndirmək.
Cibini kəsmək – cibindəki pulunu oğurlamaq. Bazarda Mollanın cibini kəsirlər. “M. N. lətif.”.
(Öz) cibini güdmək – ancaq öz xeyrini, öz mənfəətini güdmək.
Cibinin ağzını (geniş) açmaq (boş qoymaq) – səxavət göstərmək, çoxlu pul xərcləmək, ya xərcləməyə hazır olmaq.
Cibinin ağzını sökmək – bax cibinin ağzını (geniş) açmaq.
…büküb cibinə qoymaq – birinin başqasından (ya başqalarından) daha zirək, daha bic, yaxud daha bilikli olduğunu bildirir.