Əhməd Cövdət Pepinov
Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri.
== Həyatı ==
Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur.
== Təhsili ==
Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakültəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.
== Siyasi fəaliyyəti ==
1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.
Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir.