Fransa Dənizaşırı Bölgələr Birliyi
Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir.
Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.