Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı.
== Həyatı ==
Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur.
== Hakimiyyəti ==
Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır:
"Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü."
== Sacilərlə münasibətlər ==
893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi.
== Yaradıcılığı ==
Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.