sual
əvəz. 1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf.
Kitabları hara qoydu? Stulu hara apardın? – [Sevil Gülüşə:] Balaşdan soruşmamış hara gedə bilərəm? C.Cabbarlı.
[Gülsənəm:] Ağa, bu qabları hara düzəcəyik? H.Nəzərli.
2. Bədənin və ya bir şeyin hər hansı bir yeri.
Onun harası pisdir? Harasına gözəl deyirsən! – [Məşədi İbad:] A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Ü.Hacıbəyov.
[Şahmar Şahpəriyə:] Mənim yaram ağrıyır, sənin haran ağrıyır. B.Bayramov.
3. Haradasa şəklində – naməlum yerdə, qeyri-müəyyən yerdə. Haradasa uşaq ağlayırdı.
– Qaraşın səsi çox zəiflədi, haradasa kəsilib qırıldı. M.İbrahimov.
Haradasa böcəklər hərdənbir cırıldaşırdı. Q.İlkin.
◊ …hara,
…hara – iki və ya çox şeyin keyfiyyətinin, vəziyyətinin müqayisəsində işlədilir. Həftəbaşı Xınalığa gələn avtodükan yeni-yeni mallar gətirir.
İndiki Xınalıq hara, keçmişki hara. R.Rza.
Vətən günü-gündən dönür gülzara; Gor dünənim hara, bu günüm hara. B.Vahabzadə.
Sən hara, bura hara – bir adamı gözlənilməyən bir yerdə gördükdə təəccüb məqamında işlədilir.
Sən hara, bura hara, yəqin sən də ziyarətə gəlmisən? E.Sultanov.
[Sultan bəy:] Paho, Süleyman, sən hara, bura hara? Ü.Hacıbəyov.