Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq.
== Həyat və yaradıcılığı ==
Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür.
2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir.
Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.