is. [
ər. hövsələ – çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır.
– Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil… C.Məmmədquluzadə.
[Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı.
◊ Hövsələdən çıxmaq – bax
hövsələsi daralmaq.
…Qaş qaralanda adamlar artıq hövsələdən çıxdılar. S.Rəhman.
[İlyas:] Axırda dayım, Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü. Ə.Məmmədxanlı.
Hövsələsi çatmamaq – bax
hövsələsi daralmaq.
[Maral:] Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım. S.Rəhman.
Hövsələsi daralmaq (darıxmaq) – səbir edə bilməmək, dözə bilməmək, özünü saxlaya bilməmək.
[Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. M.F.Axundzadə.
[Qız] danışmaq istəyirdi, hövsələsi darıxırdı… M.S.Ordubadi.
Hövsələsi gəlməmək – səbri çatmamaq, səbir edə bilməmək, dözə bilməmək.
Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir, amma, bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. C.Məmmədquluzadə.
Hövsələsi tükənmək – səbri tükənmək, daha dözməmək.
Qara Kərəmoğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi. M.İbrahimov.
Hövsələsini basmaq – dözmək, özünü saxlamaq, səbir etmək, toxtamaq.
Zamanovun tapşırığı çox çəkdiyindən o, hövsələsini basa bilməyib, özünü kabinetin qapısına verdi. S.Rəhimov.