1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına.
□ Hər bir – bax hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında.
– Əli yüz sirr oxuyur; Hər bir heyvan izində.
Reyhan bütün dərslərindən; Hər bir zaman “beş” alardı.
Hər biri – toplu halındakı adamlardan, ya şeylərdən ayrıca götürülmüşü. Hər birinə tapşırıq vermək. Hər birini ayrıca dinləmək lazımdır.
– Əgər Məcnun, əgər Fərhad – olar kim, dərd çəkmişlər; Yığılsınlar, mənimçin hər biri çarə yazsınlar.
[Kərim baba ilə Ayrım qızı] keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı.
// Bir çox hallarda əksinə, topluluq mənası verir. Hər işə qarışmaq. Hər arzusunu yerinə yetirmək.
– Xədicə hər istədiyini [həyata keçirməyə] adət etmişdi, ərköyün böyümüş bir qızdı.
□ Hər adam – bax hər kəs.
Bu qədər zurnaçı, züyçü əbəsdir; Hər adam bir quzu yemləsə bəsdir…
Hər an – bax hər vaxt. Hər an gözləmək.
– Görsə kim, bir fəqir edib üsyan; Lən edər ol fəqir üçün hər an.
Hər cəhətdən (cəhətcə) – tamamilə, bütünlüklə.
Dünyada hər cəhətcə birbirinin eyni olan iki adam yoxdur.
Hər cür – cürbəcür, müxtəlif.
[Rəsul] hər cür yeməkdən araya gətirdi. “ ”.
Hər dəqiqə – bax hər vaxt.
Mən hər dəqiqə Bədirnisə xalanın içəri girəcəyindən qorxurdum.
Hər gün – daima, həmişə.
Hər gün xeyrə açılmır dünyamızın bal ağzı.
Hər kəs (kim) – 1) hər bir adam, hamı, bütün adamlar. Bundan hər kəsin xəbəri var. Şagirdlərdən hər kim çalışsa, usta ola bilər.
– Hər kim məni, belə görə, bil, ağlar; Dağ, daş yanar, ulus, oymaq, el ağlar.
…Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. ;
2) naməlum, qeyri-müəyyən adam, kim olur olsun. Hər kimdir, qoy içəri gəlsin.
– [Sərvər:] Onda qızı hər kəsə istəyirsən, ver!
Hər ləhzə – bax hər an.
Gəh təmənna tiğin eylərsən, gəhi peykanını; Yerdən hər ləhzə bir ehsanə eylərsən həvəs.
Hər nə – hər şey, nə varsa. Hər nə olursa. Hər nə istəsə, ver. Hər nə desə, qulaq as. Onun əlindən hər iş gələr.
– Hər nəyimiz varsa, qurbandır sənə; Yaz gələr, atını minərsən yenə.
[Minnət xanım:] Onu da yadında saxlarsan, sonra hər nə lazımdır, mən sənə deyərəm.
Hər nəfər – bax hər kəs.
[Şah:] Peşə ilə hər nəfər öz işlərin saz eylər.
Hər saat – bax hər vaxt. Hər saat hazır olmaq.
Hər şey – bütün, hamı, nə varsa hamısı. Hər şeyi açıb demək. Hər şeydən əlini üzmək.
– Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi.
Hər şey dərin bir sükut içində sahibinə baxıb, sanki soruşurdu.
Hər tərəf – bütün ətraf, ətrafdakı yerlər. Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi səsi eşidilir.
– Telli həyətin hər tərəfinə göz gəzdirdi.
Hər tərəfdə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi.
Hər vaxt – həmişə, hər zaman. Hər vaxt qapımız üzünüzə açıqdır. Hər vaxt istəsəniz, gələ bilərsiniz.
Hər yan – hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü. Hər yan qaranlıq idi.
– [İsmət:] Açılmış hər yanda güllər, çiçəklər; Qızlar, oğlanlar sevinər, seyr edər.
[Mərcan bəy:] Səsin düşüb hər yana; Çığırırsan, ay arvad.
Hər zaman – bax hər vaxt.
Hər zaman bunları gözüm görəndə; Köhnə yaram olur təzə dünyadə.
Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman.
2. Həmcins üzvlü cümlələrdə bölgü bildirir. [Abbas:] Qovma dərgahından şirin nökəri; Geymərəm hər şalı, hər qələmkari. “Abbas və Gülgəz”.
Bu xəbər hər yana, hər yerə, hər səmtə yayılır və çatırdı.
◊ Hər addımda (addımbaşı) – daim, tez-tez. Hər addımda çətinliklə üzləşmək.
– Öz kökünü bilməyən gözü küllü bu millət; Zamanın yollarında hər addımda yanıldı.
Hər ağızdan bir avaz (səs) gəlir (çıxır) – bir işdə ümumi rəyin, yekdilliyin olmadığını bildirir. [Kazım:] Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar.
Hər ağızdan bir avaz gəlir.
Hər bir ehtimala qarşı – ehtiyac xatirinə, ehtiyac olduqda, lazım gəldikdə, ola biləcək bir iş xatirinə.
[Fəxrəddin] hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu.
Hər bir kəlamı (sözü) qızıldır – çox ağıllı, dəyərli, parlaq danışıq haqqında. Dünyagörmüş qocanın hər kəlamı (sözü) bir qızıldır.
Hər biri bir oğula dəyər – çox qiymətlidir, misli-bərabəri yoxdur, çox gözəldir. Bu ağacların hər biri bir oğula dəyər.
Hər gördüyündən göz kirəsi istəmək – gördüyü, rast gəldiyi adamdan bir şey almayınca əl çəkməmək.
Hər halda – 1) ehtimal bildirir – yəqin, nə olursa olsun. Hər halda bu gün gələcək.
– [Ceyran:] Hər halda yenə görüşə bilərik.
Hər halda yazdığım acı həqiqət; Balaca bir qızın böyük dərdidir. ;
2) nə kimi vəziyyət olur olsun, nə olursa olsun, mütləq. Hər halda gəlməlisən.
– Axund Fərəc hər halda camaatı ağlatmalı idi.
[Üçüncü əyan:] Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar.
Hər hansı bir – qeyri-müəyyənlik bildirir. Hər hansı bir şəxs. Hər hansı bir iş.
– [Nüsrətəddin:] Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir.
Hər işə (şeyə) qulp qoyur – işləməyə mane olur. Hər şeyə qulp qoymaq onun köhnə adətidir.
Hər kol dibindən çıxan – bax hər yerindən duran. Hər kol dibindən çıxan özünü rəis sayır.
Hər necə çalsa(lar), elə (eləcə) də oynamaq – öz müstəqil fikri olmayıb başqasının sözü ilə iş görmək. Müstəqil fikri yoxdur, hər necə çalsalar, elə də oynayır.
Hər nə isə – söhbəti, söylənilən fikri yekunlaşdırmaq üçün işlənir; nə isə.
Gecə şehmi düşmüş, xırdaca yağışmı yağmışdı, hər nə isə…
Hər nə qədər (olsa) – necə olsa, hər halda. Hər nə qədər olsa əməkdaşımızdır, kömək etmək lazımdır.
– Yer üzündə hər nə qədər insan yaşar; Yer üzündə o qədər də şeytan yaşar.
Hər nə olur(sa) olsun – hər halda, necə olur olsun, mütləq. Hər nə olur olsun, kitab sahibinə qaytarılmalıdır. Hər nə olur olsun, getməliyəm.
Hər şeydən əvvəl – ilk növbədə, ilk öncə; ən ümdəsi (bir şeyin əhəmiyyətini gücləndirir). Hər şeydən əvvəl, biz dostuq. Hər şeydən əvvəl, ədalətli olmaq lazımdır.
Hər şeyi söz eləmək – hər boş şeyə diqqət vermək, ondan məna çıxarmaq. Hər şeyi söz eləyib dava salmaq.
Hər tükü bir qızıl zar. – çox tərif məqamında işlənir. Qoyunumun hər tükü bir qızıldır.
Hər vəchlə – hər vasitə ilə, hər necə olur olsun, hər halda.
Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır…
Hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) – başqası haqqında saymazyana işlədilən ifadə. Hər yerindən duran şair olub. Hər yoldan ötən göstəriş verir.
– [Qərib:] Qayıtmasam, qınar məni hər yetən; Getdim, yar, əyləndim, bəlkə gəlmədim. “ ”.
[Əminə:] Hər çatan rüşvət verib canını qurtarmadımı?
Hər yolla – hər necə olursa olsun, bütün vasitələrlə. [Əyanlar:] Hər yolla çalışırdılar ki, mollanı Teymurun gözündən salsınlar. “M.N.lətif.”