İbiş Abbasov
İbiş Vəli oğlu Abbasov (1898, Muğanlı, İrəvan qəzası – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibi (1938–1942), Ermənistan SSR Ali Sovetinin I çağırış deputatı.
== Həyatı ==
İbiş Vəli oğlu Abbasov 1898-ci ildə İrəvan qəzasının (sonralar Qəmərli rayonunun) Muğanlı kəndində kəndli ailəsində anadan olmuşdur. Fəhlə-kəndli məktəbini bitirdikdən sonra komsomol və partiya işinə cəlb olunmuş, Qəmərli və Zəngibasarda çalışmışdır.
İbiş Abbasov 1930-cu illərdə Vedi Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini, sonra sədri vəzifələrində və rayon ləğv edilənədək Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1936-cı ilin sonlarından 1938-ci ilin yanvar ayınadək rayonun "Zərbəçi kolxozçu" qəzetinin redaktoru olmuşdur.
1937-ci ilin dekabr ayında Qarabağlar rayonu yaradılarkən İbiş Abbasov rayon partiya komitəsinin birinci katibi təyin edilmiş, ardınca Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. 1942-ci ildə birinci katib vəzifədən azad edilərək Tədarük və Təminat Komitəsi sədrinin birinci müavini təyin edilmiş və uzun müddət bu vəzifədə çalışmışdır. Sonralar isə "Sovet Ermənistanı" qəzeti redaksiyasında çalışmış, 1959-cu ilədək müxbirlər və məktublar şöbəsinin müdiri olmuşdur.