İsao İcima
İsao İcima (飯島魁, İicima İsao, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası – 14 mart 1921) – Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur.
İsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur. Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir. 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur. 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.
İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur. O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir. 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir. 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur.