KİFAYƏT

zərf [ ər. ]
1. Yetər, kafi, bəs olma.
Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə.

□ Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca.
[Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq.
[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn.
Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov.

Kifayət etmək1) bax kifayətlənmək.
Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev;

2) çatmaq, yetmək, bəs olmaq.
Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif.
[Bədircahan:] …Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov.

Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək.
[Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı.

Kifayət olmaq – bax kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir.
[Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir… C.Cabbarlı.
Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm.

// Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİFAYƏT bəsdir — yetər
KİF
KİFAYƏTLƏNDİRİCİ

Digər lüğətlərdə