is. 1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım.
Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı).
Bir səs dedi: – Ey qafil; Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq.
[Yaralı] canını dişinə tutub durmaq, şəfqət bacısının köməyi ilə arxaya getmək istədi. Ə.Vəliyev.
□ Kömək diləmək (istəmək) – başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq. Atasından kömək diləmək.
– [Rüstəm:] Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. C.Cabbarlı.
[Gülyazın] gözü qabağında kömək diləyən məsum bir körpənin siması gəlib durdu. Q.İlkin.
[Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb tappıltı ilə yanına düşdü. İ.Hüseynov.
Kömək etmək (eləmək) – yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək.
– [Şah:] Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. Ü.Hacıbəyov.
Kömək görmək – başqasının köməyi dəymək, yardımı olmaq.
[Bəhram:] Səndən ki, görmədim kömək; Özüm həll eləyəm gərək! A.Şaiq.
Köməyi dəymək (çatmaq) – bax
kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq.
– [Məmmədağa:] Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun [Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov.
Uşaqlar kiçik olduqlarından bir o qədər köməkləri çatmırdı. S.S.Axundov.
Köməyi olmaq –
1) bax
köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”;
2) bir şey edə bilmək, təsiri olmaq.
[Əcəb xala:] Gəlsə də nə kimi bir köməyi ola biləcəkdi. S.Hüseyn.
Köməyinə çatmaq (qoşmaq, yetişmək) – darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq.
– Daldakı kazaklar yüyürüşüb, zabitin köməyinə çatdılar. M.Hüseyn.
Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb özü mənim köməyimə yetişər… M.Rzaquluzadə.
2. O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri.
[Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz verdi. H.Nəzərli.
3. məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir.
– Lap becadı bu sözləri deməyim; Dağılıbdı arxam, ölüb köməyim. Aşıq Ələsgər.
□ Kömək olmaq (çıxmaq) – birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq.
– [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə, sən [Sonaya] kömək ol. C.Cabbarlı.
O, yoldaşına kömək çıxaraq, bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı… Ə.Sadıq.