Nuşirəvan Kərimov
Kərimov Nuşirəvan Molla Kərim bəy oğlu (1898–1966) — Molla Nəsrəddin jurnalının Zəngilan və Qubadlı bölgələri üzrə təmsilçisi, şair, pedaqoq.
Nuşirəvan Kərimov 1898-ci ildə Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Sofulu kəndində məşhur bəy ailəsində anadan olmuşdur. Doğulduğu kənd onların ailəsinin yaylaq yeri, dağın o üzündəki Xocamsaxlı kəndi (Qubadlının kəndi) isə qışlaq idi.
Nuşirəvanın babası Molla Səfi Zəngəzurda tanınmış adam olub. O, yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olubmuş. Dövrün özünəməxsusluğundan gələn ifadədir ki, savadlı insanları həm də "Molla" adlandırırmışlar. Nuşirəvan Kərimov da o dövrdə babası kimi "Molla" adlandırılıb.
Nuşirəvan Kərimov 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq Xocamsaxlıda ibtidai məktəbin açılmasına nail olub. O vaxta qədər bu kənddə məktəb olmayıb. Pedaqoji fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb.