Nobel Oil Group
Nobel Oil Group - əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən və sonradan beynəlxaq miqyasa çıxaraq ABŞ, Böyük Britaniya və Rumıniya bazarına daxil olan şirkətlər qrupudur. Qrup, neft-qaz sektorunda kompleks istismar xidmətləri göstərir, həmçinin özünün kəşfiyyat və hasilat üzrə imkan, bacarıq və potensialını inkişaf etdirir. NEQSOL Holdingə daxildir. İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding-in təsisçisi və 100% sahibidir.
== Tarix və inkişaf ==
“Nobel Oil Ltd” şirkəti ilk olaraq, Xəzər regionunda neft-qaz sənayesi üçün xidmətlər təklif edən texniki xidmət təchizatçısı kimi 2005-ci ildə Nəsib Həsənov tərəfindən yaradılmışdır. Sözü gedən xidmətlərə quyuların əsaslı təmiri, qazma, quraşdırma, tikinti, mühəndis-layihələndirmə və texniki xidmət, təmir və istismar xidmətləri daxildir.2013-cü ildə Nobel Oil şirkəti öz fəaliyyətinin, həmçinin təşkilati bacarıqların, strateji məqsədlərin, fəaliyyət göstərdiyi bazarların, regional və qlobal miqyasda inkişaf istiqamətlərinin, qiymətləndirilməsini hərtərəfli əhatə edən strateji araşdırma həyata keçirmişdir. Nəticədə, 2014-cü ildə şirkətin biznes proseslərinin beynəlxalq standartlara uyğun təşkil etmək məqsədi ilə korporativ strukturu yenidən təşkil edilmişdir. Beləliklə, neft-qaz sənayesinin bütün xidmət seqmentləri Nobel Oil Services (UK) Limited şirkəti altında birləşdirilmişdir, neft yataqlarının kəşfiyyatlı və neft-qaz hasilatı fəaliyyəti isə ayrıca Nobel Oil E&P (UK) Limited şirkəti (Nobel Upstream ticarət nişanı) altında təşkil edilmişdir.
Nobel Oil Services (UK) Limited 25 iyun 2014-cü il tarixində Birləşmiş Krallıqda qeydiyyatdan keçirilərək yaradılmışdır. Nobel Oil Services (UK) Limited şirkəti Global Energy Solutions MMC, Prokon MMC, Abşeron Qazma MMC, Llamrei DMCC və sair şirkətlərin ana şirkətidir.