Azərbaycan Pediatrlar Assosiasiyası
Azərbaycan Pediatrlar Assosiasiyası — (APA) 100 ilə yaxındı səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya ölkədə bu sahənin həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən biridir.
== Tarixi ==
APA-nın yaranması tarixi 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında təsis edilən Azərbaycan Tibb Universitetinin yaranması ilə eyni tarixi dövrə təsadüf edir. Assosiasiya müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərib.
Təşkilata uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub. Sonrakı tarixi dövrdə assosiasiyanın fəaliyyətinə tanınmış ictimai xadim, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova rəhbərlik edib. O, 1972-ci ildə keçirilən Azərbaycan Pediatrları Qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri seçilib. Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının sədri vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə icra edir.
Eyni zamanda, akademik Ədilə Namazovanın Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.