Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd.
Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir.
Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir.
Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.